

E-mail: turkdunyasi.az@mail.ru
Bərdə şəhər sakini, ictimai fəal Orxan Yusifovun İlham Əliyev və Mehriban Əliyevaya işdən əsassız ixtisar və ailə vəziyyəti ilə bağlı müraciəti.

Bərdə şəhər sakini, ictimai fəal Orxan Yusifovun İlham Əliyev və Mehriban Əliyevaya işdən əsassız ixtisar və ailə vəziyyəti ilə bağlı müraciəti.
Bərdə şəhər sakini, ictimai fəal Orxan Yusifovdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevaya müraciət
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən, Bərdə şəhər sakini, ictimai fəal, 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü Orxan Yusifov, Sizə böyük ümid və inam hissi ilə müraciət edirəm.
2022-ci ildən etibarən Bərdə Kommunal Müəssisələri Birliyində fəhlə-nəzarətçi vəzifəsində çalışmışam. İşlədiyim müddət ərzində dövlətimizə, xalqımıza və Sizin rəhbərlik etdiyiniz siyasi kursa daim sədaqətlə xidmət göstərmişəm, üzərimə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirmişəm.
Lakin 01 yanvar 2026-cı il tarixindən etibarən heç bir rəsmi xəbərdarlıq edilmədən, əvvəlcədən yazılı bildiriş təqdim olunmadan idarə rəhbərliyi tərəfindən mənə bildirildi ki, guya Nazirlər Kabineti və Maliyyə Nazirliyinin qərarına əsasən ştat ixtisarı aparılıb və mənim əmək müqaviləmə xitam verilib.
Hörmətli cənab Prezident!
Mən iki övlad atasıyam. Övladlarımdan biri anadangəlmə baş travması səbəbindən xəstədir və daim müalicə və xüsusi qayğı tələb edir. Hazırda ailəmizin yeganə gəlir mənbəyi kəsildiyi üçün olduqca ağır və çıxılmaz sosial vəziyyətə düşmüşəm.
Dəfələrlə prezident.az saytı vasitəsilə birbaşa Sizə müraciətlər ünvanlamışam. Təəssüf ki, müraciətlərim formal şəkildə digər qurumlara yönləndirilib və real araşdırma aparılmadan, problemin mahiyyəti həll edilmədən cavablandırılıb. Müraciətlərimin nəticəsiz qalması məni daha da ümidsiz vəziyyətə salıb.
Cənab Prezident!
Siz hər zaman vətəndaşların sosial rifahının yaxşılaşdırılmasını prioritet məsələ kimi müəyyən etmisiniz. Mən də bir vətəndaş, bir ata və dövlətinə sədaqətli bir partiya üzvü kimi Sizdən məsələnin obyektiv araşdırılmasını, hüquqlarımın bərpasına və ailəmin sosial durumunun yaxşılaşdırılmasına köməklik göstərilməsini xahiş edirəm.
Hörmətli Mehriban xanım!
Sizin humanist və sosial həssaslığınız hər zaman minlərlə insan üçün ümid mənbəyi olub. Xahiş edirəm, ailə vəziyyətimi və xəstə övladımın durumunu nəzərə alaraq mənə dəstək göstərəsiniz.
Mən dövlətimə və rəhbərliyə daim sadiq olmuşam və bundan sonra da sədaqətlə xidmət etməyə hazıram. Sadəcə ədalətli araşdırma və sosial ədalətin bərpasını istəyirəm.
Ümid edirəm ki, müraciətim diqqətinizdən kənarda qalmayacaq.
Hörmətlə,
Orxan Yusifov
Bərdə şəhər sakini
İctimai fəal.
Əlaqə nömrəsi:051-853-65-06







