

E-mail: turkdunyasi.az@mail.ru
Zaqatala Vüqar Qurbanovun qohumlarının işğalı ALTINDA!

Zaqatala Vüqar Qurbanovun qohumlarının işğalı ALTINDA !
Ölkə səhiyyə sistemində baş verən son proseslər fonunda keçmiş TƏBİB rəhbəri Vüqar Qurbanovun adı yenidən gündəmə gəlib.
İddialara görə, onun rəhbərliyi dövründə yaxın qohumları müxtəlif vəzifələrə yerləşdirilib və xüsusilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında formalaşmış kadr strukturu ciddi suallar doğurur.
Məlumatlara əsasən, Zaqatala RMX-də əsas idarəetmə postları eyni ailəyə yaxın şəxslərin əlində cəmlənib. Camal Qardaşov 1500 nəfərlik xəstəxanaya inzibati məsələlər üzrə direktor müavini vəzifəsinə təyin olunub və onun Vüqar Qurbanovun ən yaxın qohumlarından biri olduğu bildirilir. Qeyd olunur ki, onun cəmi 24 yaşı var. İddialara görə, bu vəzifə üçün ixtisas uyğun deyil. Belə ki, inzibati müavin vəzifəsinə təyin olunmaq üçün ən azı 5 il iş stajı və idarəetmə üzrə təhsil tələb olunur. Lakin Camal Qardaşovun ixtisasca Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik Universiteti) kompüter fakültəsini bitirdiyi bildirilir.
Xədicə Qardaşova xəstəxananın baş tibb bacısı vəzifəsində çalışır. Cərrahiyyə şöbəsinin baş tibb bacısı olan Aytac isə Qardaşova soyadını daşımır, lakin onun da ailəvi qohumluq əlaqəsi olduğu iddia edilir. Bundan əlavə, Qudbiddin Qardaşovun Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatında sədr müavini vəzifəsinə təyin olunduğu və bunun xüsusi xahiş əsasında baş tutduğu bildirilir.
İddialar bununla da bitmir. Məlumatlara görə, Vüqar Qurbanovun Zaqatala rayonunda, “Kərpic zavod” adlanan ərazidə təxminən 350 min manat dəyərində olduğu bildirilən villası var. Bu əmlakın əldə olunma mənbəyi və gəlir bəyannamələri ilə uyğunluğu da ictimai müzakirə predmetinə çevrilib.
Səslənən faktlar təsdiqlənərsə, bu, təkcə etik məsələ deyil, dövlət idarəçiliyində mümkün maraqlar toqquşması və vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları deməkdir. 1500 nəfərlik kollektivə malik strateji səhiyyə müəssisəsinin idarəçiliyində peşəkar meyarların gözlənilib-gözlənilmədiyi sual altındadır.
Məsələ ilə bağlı rəsmi araşdırmanın aparılması və ictimaiyyətə aydın cavabların verilməsi zəruridir. Dövlət qurumları şəxsi münasibətlər üzərində deyil, qanun və peşəkarlıq prinsipləri əsasında idarə olunmalıdır. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyinin də açıqlanması obyektivliyin təmin olunması baxımından vacibdir. Məsələyə qayıdacağıq
"Xüsusi".Tv



