

E-mail: turkdunyasi.az@mail.ru
Bayram ərəfəsində qiymət artımı narazılıq yaratdı – müştərilər AZZA-dan şikayət edir

Bayram günləri yaxınlaşdıqca şirniyyat və tortlara tələbatın artması fonunda bəzi satış məntəqələrində qiymətlərin qalxması müzakirələrə səbəb olub. Xüsusilə AZZA Gastronom şəbəkəsində qiymətlərin yüksəldiyi iddiaları sosial şəbəkələrdə geniş rezonans doğurub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva şəxsi “Facebook” hesabında paylaşım edib. O bildirib ki, bayramdan əvvəl bir sıra tort və şirniyyatların qiymətində ciddi artım müşahidə olunur.Jurnalistin sözlərinə görə, əvvəllər 19.90 manata satılan bəzi tortların qiyməti hazırda 29.90 manata qaldırılıb. O qeyd edib ki, bu sadəcə bir məhsul üzrə nümunədir və ümumilikdə qiymət artımı diqqət çəkir.Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunub. Statusun rəy bölməsində çoxsaylı istifadəçilər və müştərilər də qiymətlərin bahalaşmasından narazılıqlarını bildiriblər. Bəzi müştərilər bayram ərəfəsində qiymətlərin bu qədər artırılmasını düzgün hesab etmədiklərini qeyd ediblər.Rəylərdə yazan bəzi istifadəçilər isə yalnız qiymət artımından deyil, həm də məhsulların keyfiyyətinin əvvəlki illərlə müqayisədə zəiflədiyini iddia ediblər. Onların sözlərinə görə, əvvəllər daha keyfiyyətli təqdim olunan tort və şirniyyatlar indi həm baha, həm də əvvəlki dad və standartları tam qarşılamır.Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, bayram günlərində insanların bu məhsullara tələbatı artdığı üçün qiymətlərin qaldırılması müştərilər arasında haqlı narazılıq yaradır.Qeyd edək ki, məsələ ilə bağlı AZZA Gastronom tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qarşı tərəfin mövqeyini ictimailəşdirməyə hazırıq



