15 
apr
2026
16:00
5

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

AZAL təyyarəsinin qəzasına görə Rusiya kompensasiya verəcək – RƏSMİ

15 apr, 2026
16:00
115

Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Turkdunyasi.site xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir:
"Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

Bizimlə əlaqə saxlayın